Milli məktəblər və milli kimliyimiz

Doğma dilini sevən və əsərlərində vətənpərvərlik ruhunu aşılayan Abdulla Şaiq “Xatirələrim”də belə yazırdı. Ana dilində məktəblərin önəmini vurğulayan dəyərli maarif xadimi, məktəbsiz bir milləti məfkurəsiz bir uşağa bənzədir, onun dost və düşmənini ayırd edə bilməyəcəyini deyirdi.

Azərbaycanda ilk ibtidai məktəbin əsası 1887-ci ildə Sultanməcid Qənizadə və silahdaşı Həbib Bəy Mahmudbəyov tərəfindən qoyulmuş “Rus-Azərbaycan məktəbi” Azərbaycan maarif tarixində yeni dövrün başlanğıcı olmuşdur. “Rus-Azərbaycan məktəbi”ndə ana dili tədrisinə önəm verilirdi. Həmçinin, rus və fars dilləri, hesab, coğrafiya, tarix fənləri tədris edilirdi. Çox keçmədən Bakı ilə yanaşı Azərbaycanın bir sıra rayonlarında yeni tipli məktəblərin əsası qoyuldu. Azərbaycanla yanaşı Orta Asiyada və Dağıstanda da yeni tipli məktəb təcrübəsi tətbiq edilmiş və uğurla nəticələnmişdir.

Əsası 1887-ci ildə qoyulan Rus-Azərbaycan məktəbi ana dilində məktəblərin yaradılması üçün irəliyə doğru atılmış addım idi.1887-ci ildən 1901-ci ilədək 10 məktəb açıldı. Bu dövrdə dini mövhumat üzündən qızları dünyəvi məktəblərə cəlb etmək olduqca çətin idi. Dövrün ali ruhani başçıları olan şeyxülislam A.Ə.Axundzadə, M.M.Pişnamazzadə İslam ehkamları əsasında hər bir müsəlmanın, o cümlədən qızların təhsil almaq hüququnu müdafiə edirdilər. Vətənpərvər xeyriyyəçi H.Z.Tağıyev tərəfindən 1901-ci ildə azərbaycanlı qızlar üçün Bakıda ilk məktəb açılmış və bir il sonra belə bir məktəb Gəncədə də açılmışdır.

XX əsrin əvvəllərində təhsil məsələləri sadəcə bir qrup ziyalının deyil bütün Azərbaycan xalqının müzakirə və həll etməli olduğu milli bir problemə çevrilmişdi. Odur ki, dövrün müdrik və  uzaqgörən ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə edib daha yaxşı yol tapmaq məqsədi ilə Zaqafqaziya müsəlman müəllimlərinin qurultayını keçirmək təşəbbüsünü ortaya  atır və 1906-cı ilin 15-30 avqustda Azərbaycan müəllimlərinin  I qurultayı keçirilir. Qurultayın keçirilməsində Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Sani Axundov, Fərhad Ağazadə,  Firidun bəy Köçərlinin böyük rolu olmuşdur. Qurultayda Azərbaycan dilində yeni proqramların tərtib edilməsi, dərsliklərin hazırlanması müzakirə edilmiş, icbari ibtidai təhsilə keçirilməsi, təhsilin ana dilində aparılması tələbləri irəli sürülmüşdü. Bu qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynamışdır.

Azərbaycan dilində ilk milli məktəblərin yaradılması isə məhz Azərbaycan Demokratik Respublikası dövründə həyata keçirilmişdir. Dövrün maarifçiləri şagirdlərə rus klassikləri ilə yanaşı doğma klassiklərimizi, Füzulini, Sabiri, Şirvanini, Ə.Cavadı öyrətmək lazım olduğunu təbliğ edirdilər. Azərbaycan Demokratik Respublikasını araşdıran tarixçilər tərəfindən bu hökümətin “maarifçi hökümət”, “ziyalıların hökuməti”,“ziyalıların əsəri” kimi dəyərləndirilməsi əbəs deyil. 1918‑ci il iyulun 27‑də Azərbaycan hökuməti məktəblərin milliləşdirilməsi haqqında qərar vermiş, bununla da azərbaycanlıların öz dilində təhsil almaq, öz dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini öyrənmək hüququ ilk dəfə rəsmi təsdiqini tapmışdır.

 

07-01-2024
Paylaş